Deputat: “Azərbaycan Ordusunun təlimləri döyüş şəraitinə yaxın modeldə həyata keçirilir”
Deputat: “Azərbaycan Ordusunun təlimləri döyüş şəraitinə yaxın modeldə həyata keçirilir”

Deputat: “Azərbaycan Ordusunun təlimləri döyüş şəraitinə yaxın modeldə həyata keçirilir”

Azərbaycan Ordusu martın 2-dən genişmiqyaslı komanda-qərargah təlimləri keçirir. Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq start verilən genişmiqyaslı komanda-qərargah təlimləri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yaradılmasının ildönümü qeyd edilən cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birinin ön xətt bölmələrində olublar. Bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayan Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib. Beləliklə, Azərbaycan Ordusunun təlimləri uğurla davam etdirilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə “Report”a açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun təlimləri bir qayda olaraq döyüş şəraitinə yaxın modeldə həyata keçirilir:

“Azərbaycan Ordusu hər il bir neçə dəfə genişmiqyaslı təlimlər keçirir. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin daima döyüşə, hərbi əməliyyatlara hazır olmasına imkan yaradır. Aydın məsələdir ki, sadəcə hərbi qulluğun və yaxud da qərargah təlimlərinin keçirilməsi döyüş hazırlığının səviyyəsini artıra bilməz. Bu baxımdan Azərbaycanda genişmiqyaslı təlimlərə xüsusi diqqət yetirilir”.

Komitə sədri bildirib ki, ordunun təlimləri gec-tez torpaqlarımızın Ermənistanın işğalından azad olunmasına gətirib çıxaracaq: “Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev də bir neçə dəfə genişmiqyaslı təlimlərini müşahidə edib. Ümumiyyətlə, Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri Silahlı Qüvvələrimizin Ermənistan tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hər an hazır olmasına gətirib çıxarır. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur. Genişmiqyaslı komanda-qərargah təlimlərinin planına uyğun olaraq, ərazinin kəşfi mərhələsindən sonra təlim iştirakçıları qoşunların qarşılıqlı fəaliyyətinin təşkilini maket üzərində həyata keçiriblər.

 

 

Qoşunların döyüş hazırlığı təcrübəsi nəzərə alınmaqla təlimlərin mərhələlər və vaxt üzrə epizodları ərazinin maketi üzərində işlənilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsində səhra şəraitində yaradılan ön idarəetmə məntəqəsində olub. Sonda Müdafiə naziri əsas və ehtiyat idarəetmə məntəqələrində yaradılmış qrupların fəaliyyətini izləyib”.

A.Mirzəzadə xatırladıb ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun döyüş hazırlığı torpaqlarımızın bir hissəsinin, o cümlədən strateji yüksəksikləri işğaldan azad edilməsinə gətirib çıxardı:

“Heç də təsadüfi deyil ki, ordumuz özünün hazırlığına görə dünyanın ən yaxşı orduları sırasındadır. Bu reytinqdə yer qazanmağımızda təlimlərimizin keçirilməsinin, bununla da döyüş hazırlığının böyük əhəmiyyəti var. Bilirsiniz ki, genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsinin tələblərinə uyğun olaraq döyüş tapşırıqlarının dəqiqləşdirilməsi və mövcud döyüş vəziyyətinin qiymətləndirilməsi məqsədilə real şəraitdə ərazinin kəşfi aparılıb. Təlimin növbəti mərhələsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində ərazidə açılmış təlimin komanda idarəetmə məntəqəsində olaraq qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb”.

Deputat vurğulayıb ki, Azərbaycan Ordusunun təlimlərində əsgərlər, hərbi qulluqçular hər an döyüşə hazır olduqlarının bir daha fərqinə varırlar:

“Hərbi xidmtədə olan gənclər döyüş təcrübəsi əldə edərək ehtiyata buraxılırlar. Eyni zamanda Azərbaycan Ordusunun təlimləri bu gün döyüş görməmiş gənc zabitlərimizin də hərbi hazırlıq səviyyəsini artırır. Hərbi təlimlər istənilən ölkənin Silahlı Qüvvələrinin hərbi hazırlığını artırmaq üçün çox vacib bir atributdur. Ümumi əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına, maket və taktiki sinif otaqlarına baş çəkən Müdafiə naziri idarəetmə orqanlarının fəaliyyəti xüsusilə silahlanmaya yeni qəbul olunan döyüş vasitələrinin istifadəsi ilə bağlı müvafiq göstərişlər verib. Genişmiqyaslı komanda-qərargah təlimlərinin planına uyğun olaraq döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.

Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılıb və hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb”.