Azərbaycanın tarixində daha bir ilk
Azərbaycanın tarixində daha bir ilk

Azərbaycanın tarixində daha bir ilk

İlham Əliyev: "İndi bizə lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilə bilər. Tarixdə ilk dəfə həm tanker, həm də ki, gəmi-bərə tikilib”.

 

 

Dünya ticarət məhsullarının 80 faizdən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Əlverişli coğrafi mövqeyə sahib olan Azərbaycan da etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm işlər görüb. Dəniz nəqliyyatına böyük investisiyalar yatırmaqla infrastrukturunu möhkəmləndirən ölkəmiz regionda əlverişli logistik bağlantı yaradaraq Avrasiya məkanının mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevirib.

Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri ilə dəniz nəqliyyatını davamlı olaraq modernləşdirən Azərbaycan bu gün müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir.

 

 

Xəzərdə ən böyük donanmaya malik ölkə

 

 

Azərbaycanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsini təsdiqləyən infrastruktur layihələrinə, mövcud potensialına nəzər yetirsək görərik ki, ən yeni texnoloji standartlar səviyyəsində inşa edilən gəmiqayırma zavodu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Xəzər Dəniz Gəmiçiliyinin donanmasında gəmilərin sayının getdikcə artması bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir.

Son illərdə isə xüsusən gəmiçiliyin inkişafında yeni-yeni nailiyyətlər qazanılır. Elə ötən həftə, dekabrın 13-də Azərbaycanın ilk neft tankeri olan "Laçın”ın və Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan "Ro-Pax” tipli "Azərbaycan” adlı gəmi-bərənin suya salınması da deyilənləri bir daha təsdiqləyir.

Həm tankerin, həm də gəmi-bərənin suya salınması mərasimində iştirak edən cənab İlham Əliyev bu hadisəni tarixi gün adlandıraraq böyük uğur kimi qiymətləndirdi: "Bu, bir daha göstərir ki, nə qədər düzgün qərar qəbul etmişik. Gəmiqayırma zavodunun tikintisi doğrudan da böyük hadisədir. İndi bizə lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilə bilər. Tarixdə ilk dəfə həm tanker, həm də ki, gəmi-bərə tikilib”.

200-dən çox gəmi ilə Xəzərdə ən böyük donanmaya malik olan Azərbaycan həm gəmilərinin sayını artırır, həm də rahat və təhlükəsiz daşımalar həyata keçirir.

 

 

Bakı Gəmiqayırma Zavodunun növbəti uğuru

 

 

Öncə özünəməxsusluğu ilə seçilən ilk neft tankerimiz olan "Laçın”ın hazırlanması, gücü və imkanları ilə tanış olaq.

Uzunluğu 141, eni 16,9 metr, ağırlığı 7875 ton olan tanker Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Özü də Azərbaycanda sıfırdan inşa olunub.

Tanker Volqa-Don "MAX” layihəsidir. Volqa-Don çayından keçmək imkanı olan və maksimum yükgötürmə qabiliyyətinə malikdir. Başqalarından fərqli olaraq, 4-5 min tondan artıq yüklə ölçülərinə görə bu kanaldan keçmək imkanına malikdir.

Düzdür, Volqa-Dondan adətən daha kiçik gəmilər keçir. Ancaq "Laçın” yükünü bir qədər azaldıb maksimum (5600) ton yüklə oradan keçə bilir.

Beləliklə, "Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək.

Cənab İlham Əliyev yeni nəsil tankerin inşasını Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan Bakı Gəmiqayırma Zavodunun növbəti uğuru kimi qiymətləndirərək qeyd etdi ki, hazırda zavodda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var.

Ümumiyyətlə, hazırda Azərbaycanda 20 tanker var və Prezidentin dəstəyi ilə hazırda dördü sifariş olunub və inşa edilir.Yəni cənab İlham Əliyevin təşəbbüsü ilə tikilən gəmiqayırma zavodu artıq sifarişlər qəbul edir, ölkəmizdə tankerlər, bərələr inşa olunur.

 

 

Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi-bərə

 

 

Elə həmin gün Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan "Ro-Pax” tipli gəmi-bərə də suya salındı.

Prezident İlham Əliyev gəmiyə "Azərbaycan” adı verdi və bildirildi ki, bu, Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi olacaq.

Gəmi-bərə 56 vaqon, 50-dən çox TIR daşıyacaq. Gəmi həm də çoxfunksiyalıdır, çünki vaqon, TIR-dan başqa, həm də 100 sərnişin götürəcək.

Gəmi-bərənin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tikinti və quraşdırma işləri gəmiqayırma zavodunun yanalma körpüsündə davam etdiriləcək. Nadir dizayna malik "Ro-Pax” tipli gəmi-bərə yüksək texniki göstəricilərinə görə fərqlənir.

Bir sözlə, cənab İlham Əliyevin dəstəyi ilə ərsəyə gələn tanker və gəmi-bərə ilk növbədə Azərbaycanın Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, ölkəmizin ərazisindən artan tranzit yüklərin daşınmasında, dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm əhəmiyyət kəsb edir. Tankerlərin, gəmilərin artması ilə Azərbaycan donanması daha da güclənəcək və bu, əldə olunan üstünlüyün qorunmasına imkan verəcək. Bütün bunlar Azərbaycanın beynəlxalq nəqliyyat-tranzit imkanlarının daha da genişlənməsinə xidmət edir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında həyata keçirilən belə uğurlu layihələr Azərbaycana böyük iqtisadi dividendlər qazandıracaq.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”